SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Afinada ofis açmağı planlaşdırır. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstanın "Bridging Europe" nəşrinə müsahibəsində məlumat verib.
“Yunanıstanda fəallığımızın artması nəticəsində Afinada ofis açmağı qərara aldıq. “SOCAR Energy Greece SA” yaradılandan sonra Yunanıstandakı həmkarlarımızla qarşılıqlı əlaqə saxlamaq və bu ölkədə daha geniş imkan və perspektivləri diqqətə almaq daha asan olacaq”, - deyə R.Abdullayev qeyd edib.
SOCAR-ın prezidenti bildirib ki, şirkət Yunanıstanın DESFA dövlət qazpaylayıcı şirkətinin səhmlərinin alınması ilə bağlı işi davam etdirir və yaxın bir neçə ay ərzində bu sövdələşmənin başa çatmasını gözləyir.
“DESFA SOCAR üçün Avropa İttifaqında bu cür miqyaslı ilk layihədir. Bundan başqa, qeyd etmək istərdim ki, Yunanıstan TAP qaz kəmərinin tikintisi layihəsinin iştirakçı ölkələrindən biri olaraq, onun reallaşdırılmasında mərkəzi rol oynayır”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, Yunanıstan “Azərbaycanın yaxşı dostu və etibarlı strateji tərəfdaşıdır”.
“Çox güman ki, ölkələrimiz arasında dostluğun mühüm göstəricilərindən biri əməkdaşlığın yalnız neft və qaz sahələri ilə məhdudlaşmaması faktıdır. İnanıram ki, gələcəkdə münasibətlərimiz və iqtisadi əməkdaşlığımız daha da möhkəmlənəcək”, - deyə R.Abdullayev vurğulayıb.
Xəbər verildiyi kimi, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin SOCAR tərəfindən alınmasının Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb. Avropa Komissiyası 2015-ci il martın 23-nə qədər qərar qəbul etməlidir.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tuturdu.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur. Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16%, “Axpo” - 5%.
N.Abbasova