Bu ildən etibarən 11-ci sinif məzunları 2 fənn əvəzinə 3 fənn üzrə imtahan verəcəklər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Əgər əvvəllər 11-ci sinif şagirdləri “Ana dili” və “Riyaziyyat” fənlərindən imtahan verirdilərsə, cari ildən etibarən buraxılış imtahanlarına xarici dil də əlavə olunur”, - deyə M.Abbaszadə bildirib. Onun sözlərinə görə, bununla əlaqədar məzunlar üçün çətinlik yaranmamalıdır, çünki xarici dil ali məktəblərdə qəbul imtahanlarının proqramına daxildir.
“9-cu sinif üzrə buraxılış imtahanları isə əvvəllər olduğu kimi, yalnız “Ana dili” və “Riyaziyyat” fənləri üzrə aparılacaq”, - deyə M.Abbaszadə qeyd edib.
A.Zeydullayeva