Azərbaycan 2013-cü il üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) bir pillə irəliləyərək 2012-ci illə müqayisədə 64-cü yerə yüksəlib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib.
İKT-nin inkişafı indeksində 166 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır.
Azərbaycan əvvəllər olduğu kimi, yenidən 10 sürətli inkişaf edən ölkələr arasında yer alıb.
2013-cü ilin yekunları üzrə reytinqdə birinci yeri Danimarka, ikinci yeri Koreya Respublikası tutub. Reytinqin ilk 30 ölkəsi sırasına Avropa ölkələri və digər regionların gəlirləri yüksək olan ölkələr, o cümlədən Avstraliya, Bəhreyn, Kanada, Yaponiya, Makao (Çin), Yeni Zelandiya, Sinqapur və ABŞ daxildir.
Avropa “IDI” üzrə 7,14 ilə (maksimum göstərici 10-dur) göstəricilər üzrə MDB regionunu (5,33) xeyli üstələyir. Sonrakı yerlərdə Şimali və Cənubi Amerika (4,86), Asiya-Sakit okean regionu (4,57), ərəb ölkələri (4,55) və Afrika (2,31) qərarlaşıb.
MDB regionunda ən yüksək nəticəyə Belarus (6,89) və Rusiya (6,70) malikdir.
MDB ölkələrində indeks inkişaf etmiş ölkələr üçün orta göstəricidən aşağı səviyyədədir – 7,20.
Reytinqdə daha çox irəliliyişə - 2012-ci ildəki 43-cü yerdən 2013-cü ildə 38-ci yerə Belarus nail olub. Digər MDB iştirakçılarında reytinq bir pillə geriləyib (reytinqi dəyişməyən Qazaxıstan və iki pillə itirən Ukrayna istisna olunmaqla).
Ötən ilin sonuna internet və kompüterə çıxışı olan ev təsərrüfatlarının sayında daha çox artım Rusiyada qeydə alınıb (müvafiq olaraq 67% və 70%). Azərbaycan, Belarus və Qazaxıstanda bu göstərici 50%-i ötdüyü halda Özbəkistan və Qırğızıstanda 10%-dən aşağıdır.
Stasionar genişzolaqlı internetin nüfuzetmə səviyyəsinə görə regionda lider Belarusdur (30%). Nisbətən yüksək nüfuzetmə səviyyəsi Azərbaycan və Rusiyada (17%) qeydə alınıb.
BTİ tərəfindən 2009-cu ildən dərc edilən İKT inkişafı indeksi hökumətlər, BMT sistemi təsisatları və sahə tərəfindən İKT-nin milli səviyyədə ümumi inkişafının qiymətləndirilməsi üçün istifadə edilir.
“IDI” özündə 11 göstəricini birləşdirir: mobil rabitə üzrə kontraktlar, kompüterə malik ev təsərrüfatlarının sayı, internet istifadəçilərinin sayı, stasionar və mobil internet üçün kontraktların sayı və baza bilikləri göstəriciləri.
N.Abbasova