Qərb dövlətləri İranın nüvə problemi ilə bağlı danışıqlarda Tehranı diz çökdürə bilməyəcəklər. İran KİV-lərinin məlumatına görə, belə bəyanatla İran İslam Respublikasının dini lideri ayətulla Əli Xameneyi çıxış edib.
“ABŞ və Avropanın müstəmləkəçi ölkələri nüvə məsələləri üzrə İranı diz çökdürmək üçün səylərini birləşdiriblər. Lakin onlar buna müvəffəq olmayıblar və olmayacaqlar”, - deyə Ə.Xameneyi Qum şəhərində ruhanilər qarşısında çıxış edərkən bildirib.
İranın ali dini lideri Vyanda beynəlxalq vasitəçilərdən ibarət “altılıq” (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ilə İran arasında nüvə proqramına dair danışıqların 10-cu raundu başa çatdıqdan sonra belə bir bəyanatla çıxış edib.
Avstriya paytaxtında İranın nüvə probleminin qəti şəkildə nizamlanmasına dair hərtərəfli sazişin hazırlanması üzrə danışıqların 2015-ci il iyulun 1-nə qədər uzadılması qərara alınıb. Sazişin parametrlərinin 3-4 ay ərzində hazırlanması nəzərdə tutulur.
Müşahidəçilər İranın ali dini liderinin bəyanatını danışıqların davam etdirilməsinə razılıq kimi qiymətləndiriblər.
Bir gün əvvəl İran prezidenti Həsən Ruhani bəyan edib ki, “ölkə Vyanada əhəmiyyətli qələbə qazanıb və danışıqlar gec ya tez razılığın əldə olunması ilə nəticələnəcək”.