Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma şöbəsi fəaliyyətə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan məlumat verilib.
Bu haqda qərar ali məktəbdə Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə qəbul edilib.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bu gün həmin məsələ bir çox ailənin gündəmindədir və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.
Türkiyənin nümayəndə heyətinin rəhbəri, professor, doktor Bülent Urman məlumat verib ki, onlar Azərbaycanda nəinki yalnız süni mayalanma əməliyyatları keçirəcəklər, həm də məmnunluqla tədris sistemində iştirak edəcəklər.
Bundan başqa, B.Urman doğuş və ginekologiya üzrə ixtisaslaşan rezidentlərə mühazirə oxumağı təklif edib.
Beləliklə, tərəflər gələn ilin əvvəlindən etibarən süni mayalanma şöbəsinin yaradılması haqda razılığa gəliblər.
Türkiyəli mütəxəssislər klinikadakı şəraitlə tanış olublar və burada əməliyyatların aparılması üçün şəraiti yüksək qiymətləndiriblər.
İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.
A.Zeydullayeva