Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissə və birləşmələrin döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdədir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov müşayiət edir.
Cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb.
Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.
Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyacan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri müdafiə naziri tərəfindən göstərilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş səraitinə uyğun olaraq atışlar icra ediblər.Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.
Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir
Y.Əliyev