Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 27-28-də Sankt-Peterburq şəhərində keçiriləcək MDB Parlament Assambleyasının iclaslarında iştirak edəcək.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar Arif Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova daxildirlər.
Deputatlar MDB Parlament Assambleyasının Şura toplantısı və 41-ci plenar sessiyası, o cümlədən Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Hüquqi məsələlər, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.
Tədbirlərdə quruma üzv ölkələr arasında parlamentarizm və demokratiya ənənələrinin möhkəmləndirilməsi, yollarda təhlükəsizliyə diqqətin artırılması, əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması, yerli özünüidarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi sahəsində model qanunların müzakirəsi nəzərdə tutulur.
R.Babayev