Azərbaycanla İranın son zamanlar yaxınlaşması bir sıra beynəlxalq qüvvələri narahat edir. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin İrandan verdiyi xəbərə görə, bu fikri İranın Xoy şəhərinin meri Hüseyn Sinavi səsləndirib.
“Bir sıra dövlətlərin bu iki ölkənin yaxınlaşmasına mane olmaq təhlükəsi var. Biz bu amili nəzərə almalı və təxribatlara uymamalıyıq”, - deyə H.Sinavi Xoy şəhərində azərbaycanlı jurnalistlərlə görüşdə bildirib. O söyləyib ki, Azərbaycan və İran bu təhdidlərə qarşı durmaq üçün səylərini birləşdirməlidirlər.
“Biz öz güclü potensialımızdan istifadə edərək regionda iqtisadi əməkdaşlığın yeni modelini yarada, bu əməkdaşlıq yolu ilə regionlararası əlaqələr qura və birgə layihələr həyata keçirə bilərik”,- deyə H.Sinavi əlavə edib.
O qeyd edib ki, tərəflər logistika layihələrini inkişaf etdirməklə beynəlxalq əməkdaşlığa töhfə verə bilərlər.
“Azərbaycanla İran arasında dəmir yolu nəqliyyatının olmaması münasibətlərin daha çox inkişaf etməsinə mane olur. Azərbaycan və İranın dəmir yollarının birləşməsi yalnız iki ölkənin inkişafına deyil, tranzit dəhlizi kimi dünyanın digər regionları ilə də qarşılıqlı münasibətlər qurmağa kömək edə bilər”, - deyə mer qeyd edib.
Onun fikrincə, yüksək səviyyədə qarşılıqlı səfərlər, eləcə də sadə vətəndaşların səfərləri münasibətlərin inkişafında mühüm rol oynayır.
Mer Azərbaycanın işgüzar dairələrini Xoy şəhərinə investisiya qoymağa çağırıb.
F.İsazadə