İranın Urmiya şəhəri Azərbaycan investisiyalarına ümid edir. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu barədə Urmiya şəhər bələdiyyəsinin başçısı vəzifəsini icra edən Qulamrza Ədlidost bəyan edib.
“Azərbaycan sahibkarları üçün lazımi şərait yaratmağa hazırıq”, - deyə Q.Ədlidost Urmiyada azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan investisiyaları tikinti, aqrar, turizm, o cümlədən səhiyyə sahələrinə yatırıla bilər.
“Azərbaycanın iş adamları uşaq bağçalarının tikintisinə də sərmayə yatıra bilərlər. İki xalqın yaxınlaşmasında mədəni əlaqələr müstəsna rol oynayır. Hesab edirik ki, mədəniyyət, incəsənət və elm xadimləri bu münasibətlərin inkişafına müsbət töhfə verə bilərlər”, - deyə o vurğulayıb. Q.Ədlidostun sözlərinə görə, bu kontekstdə sərgilər, forumlar və digər elmi-mədəni tədbirlər keçirmək lazımdır.
“Qeyd edim ki, Urmiyada keçirilən mədəniyyət tədbirlərində iştirak etmək üçün Azərbaycandan aşıqlar və digər incəsənət xadimləri dəvət olunurlar”, - deyə o qeyd edib.
“2015-ci ildə Qərbi Azərbaycan vilayətində Urmiyanın 3000 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçiriləcək. Azərbaycandan böyük nümayəndə heyətini dəvət etməyi planlaşdırırıq”, - deyə Q.Ədlidost məlumat verib.
X.İsazadə