İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasının vəziyyətini başa düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər rəsmi Tehran Azərbaycan hökumətinin hazırda blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə bağlı bütün xahişlərini yerinə yetirəcək. Bu barədə İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bəyan edib.
İranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla görüş zamanı M.Vaizi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, viza və gömrük sisteminin sadələşdirilməsi məsələlərini müzakirə edib.
Ə.Həsənov qeyd edib ki, İran-İraq müharibəsi dövründə İran da qaçqınlar problemi ilə üzləşib. Ona görə də İranın qaçqınlarla iş üzrə böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması faydalı olar.
O, müştərək komissiyada humanitar sahədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də yaxından əməkdaşlığın zəruriliyini bildirib, bu iki məsələnin komissiyada müzakirəsini təklif edib.
Görüşdə qeyd olunub ki, Ordubad-Marazad və Xudafərində “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi zəruridir.
Vurğulanıb ki, ölkələr arasında ticarət dövriyyəsinin $500 mln. həcmində olması qənaətbəxş deyil. Həm Azərbaycanın, həm də İranın iqtisadi və istehsal potensialı ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin dəfələrlə yüksəldilməsinə imkan verir.
Ə.Həsənov M.Vaizini Azərbaycana səfərə dəvət edib.
Narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması, humanitar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın qurulması haqqında Ə.Həsənovun təkliflərini yüksək qiymətləndirən M.Vaizi bu məsələlərin komissiya tərəfindən araşdırılacağını bildirib.
Söhbət zamanı, həmçinin ticarət, bank, özəl sektorlar arasındakı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev