Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Hanoy şəhərində “Azərbaycanın enerji sahəsində nailiyyətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Səfirliyin məlumatına əsasən, konfransda Azərbaycan tərəfindən ARDNŞ-in Elm və Texnika Şöbəsinin, Nanotexnologiyalar Departamentinin, Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunun, Geofizika və Geologiya İdarəsinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft Akademiyası, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutu, Azərbaycan Neft Maşınqayırma Elmi Tədqiqat və Layihə Konstruktor İnstitutu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, SOCAR-AQŞ MMC, “SOCAR Trading” şirkəti, “Alkan Ltd” Elmi Texnoloji Cəmiyyəti və ADO-G Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.
Konfransda, həmçinin Vyetnam Parlamentinin, Vyetnamın Sənaye və Ticarət Nazirliyinin, Vyetnam Xarici İşlər Nazirliyinin, Vyetnam Ticarət və Sənaye Palatasının, PetroVyetnam və VietSovPetro şirkətlərinin, Vyetnam Neft İnstitutunun, Vyetnam Elm və Texnologiya Akademiyasının, Vyetnamda fəaliyyət göstərən enerji sahəsində ixtisaslaşmış xarici şirkətlərin və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Azərbaycanda neft sənayesinin tarixi inkişaf yolu, neft strategiyası, ölkəmizin Avropa enerji təhlukəsizliyinin təmin olunmasındakı rolu, enerji sahəsində Azərbaycan və Vyetnam arasında tarixən mövcud olan əməkdaşlıq barədə konfrans iştirakçılarına məlumat verib. Səfir Azərbaycanla Vyetnam arasında enrji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın oduğunu vurğulamış və konfransın ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Vyetnam parlamentinin Elm, Texnologiya və Ətraf Mühit komitəsinin sədri Phan Xuan Dung, Vyetnam Ticarət və Sənaye Palatasının baş katibi Pham Thi Thu Hang, PetroVyetnam şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son, VietSovPetro şirkətinin baş direktorunun müavini Tran Van Vinh Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlıqdan söhbət açıb, bu əməkdaşlığın müasir dövrdə davam etdirilməsinin vacibliyini söyləyib və keçirilən konfransın bu istiqamətdə böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft Akademiyasının təqdimatı olub, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft Akademiyasında təhsil imkanları barədə məlumat verilib.
Y.Əliyev