Azərbaycan və İran prezidentlərinin nümayiş etdirdiyi siyasi iradə əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli şərait yaradacaq. Bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənovla Tehranda keçirdiyi görüş zamanı bəyan edib.
Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, İ.Cahangirli Ə.Həsənovun bu səfəri çərçivəsində baxılmış təklif və təşəbbüslərin iki ölkənin və xalqın maraqlarına, həmçinin Bakı və Tehran arasında hərtərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İranda keçirilmiş görüşlər barədə məlumat verən Ə.Həsənov qeyd edib ki, İmam Xomeyni İmdad Komitəsinin, Qızıl Aypara Cəmiyyətinin rəhbərləri, Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə faydalı danışıqlar apardığını vurğulayıb.
“Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb, bu təkliflərin müştərək komissiyanın növbəti iclasında müzakirəsi məqsədəuyğun sayılıb”,- deyə Ə.Həsənov söyləyib.
Azərbaycanın başlıca probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənov bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara göstərdiyi yardıma görə İran dövlətinə və onun Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatlarına təşəkkürünü bildirib.
O, rəsmi Bakının Tehranla imzaladığı bütün sənədlərdə nəzərdə tutulan işlərin icra olunacağına əminliyini ifadə edib.
Y.Əliyev