Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda islam mədəniyyəti abidələrinin dağıdılması və məscidlərin təhqir edilməsinə səbəb müsəlmanlar arasında birliyin olmamasıdır. İranın ali dini liderinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi, Urmiyanın imam-cüməsi Seyid Mehdi Qüreyşi belə hesab edir.
“Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda islam mədəniyyəti abidələrinin dağıdılması və məscidlərin təhqir edilməsinə səbəb müsəlmanlar arasında birliyin olmamasıdır. Əgər müsəlmanlar arasında birlik olarsa, heç kəs bu cür hərəkətlərə cürət edə bilməz”, - deyə M.Qüreyşi İranın Urmiya şəhərində azərbaycanlı jurnalistlərlə görüşdə bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
O hesab edir ki, müsəlmanların birliyi İraq, Suriya və Myanmada törədilən cinayətlərin qarşısını ala bilər. Onun sözlərinə görə, Myanmada 50 min müsəlman öldürülüb, 5 mindən artıq şəxs diri-diri yandırılıb.
“Bütün bunlar bizim üçün təhqir və biabırçılıqdır. Əgər biz bir olarsaq, qeyri-müsəlmanlar müsəlmanlar arasında sülh səfiri qismində ölkələrimizə gələ bilməzlər. Bizim birliyimiz bütün bu qəddarlığı məhv edə bilər”, - deyə M.Qüreyşi vurğulayıb.
Onun sözlərinə görə, bütün qeyd olunanlar Azərbaycanda baş verən hadisələrə də aiddir.
“Yəni əgər Azərbaycanla birlik olsaq, orada məscidləri yandıra, təhqir edə bilməzlər. Müsəlmanların düşmənləri məlumdur və onlar bir-biri ilə əlbirdir. Qəzza zolağında müsəlmanların qətli ABŞ tərəfindən dəstəklənir. Digər tərəfdən torpaqlarınızı işğal edənlər də bir-biri ilə əlbirdir”, - deyə M.Qüreyşi bəyan edib.
O vurğulayıb ki, müsəlman ölkələrində mövcud problemlər konkret ölkənin deyil, bütün müsəlman dünyasının problemi kimi dəyərləndirilməlidir.
“Biz təqibə məruz qalan dünyanın bütün müsəlmanlarını dəstəkləməliyik. Ümid edirik ki, Allahın köməyi ilə bütün müsəlman ölkələrinin, o cümlədən Azərbaycan ərazilərinin bir hissəsinin işğalı problemləri müsəlmanların həmrəyliyi halında öz həllini tapacaq”, - deyə İranın ali dini liderinin nümayəndəsi bildirib.
M.Qüreyşinin fikrincə, müsəlmanlar Avropa İttifaqının nümunəsinə uyğun olaraq birləşməlidirlər.
“Bu gün biz görürük ki, Avropa ölkələri aralarında sərhədləri götürürlər, vahid valyutadan istifadə edirlər. Müsəlmanlar düşmənlər qarşısında dayana bilmək üçün birləşməlidirlər”, - deyə o vurğulayıb.
F.İsazadə