Oğuz rayonunun məktəbləri qışa tam hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Rayonun ümumtəhsil müəssisələrində təmirə ehtiyacı olan məktəblərin qazanxana sistemlərində təmir-bərpa işləri aparılıb və bütün məktəblər qışa hazırdır”, - deyə rayon təhsil şöbəsinin müdiri Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, rayonda təmirə ehtiyacı olan bəzi məktəblər cari təmir olunub.
Rayonda 34 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bu məktəblərdə 5980 şagird təhsil alır. Rayonda olan 34 ümumtəhsil məktəblərindən 13-ü müstəqil qazanxana ilə işləyir, qazanxanalardan 3 məktəb qazla, digər məktəblər isə dizel yanacağı ilə təmin olunub.
Yerdə qalan ümumtəhsil məktəblərinə və körpələr evi-uşaq bağçalarına odun yanacağının tədarükü təşkil olunub. Rayonda 18 bağça fəaliyyət göstərir ki, bu müəssisələrdə 980 uşaq tərbiyə alır. Bütün bu təhsil müəssisələri istiliklə təmin olunub.
İ.Əhmədov