Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İDEA-nın mətbuat xidmətindən məlumat verilib.
“Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə Avstraliyada başladılıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir.
Aksiya hər il mart ayının son şənbə günündə keçirilir və iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün bütün fiziki şəxslər, təşkilatlar, məktəblər, bələdiyyə qurumları və kommersiya müəssisələrini işıqları və həyati əhəmiyyət kəsb etməyən digər elektrik cihazlarını (liftlərdən başqa) 1 saat müddətinə söndürməyə çağırır.
“Yer saatı” kampaniyası 2015-ci il martın 28-də saat 20:30-dan 21:30-a qədər keçiriləcək. Ötən il bu aksiya martın 29-da keçirilmişdi. Kampaniyada dünyanın 162 ölkəsinin 7 mindən çox şəhərində 1 mlrd.-a yaxın insan iştirak edəcək.
A.Zeydullayeva