Ermənistan Xarici İşlər Nazirliyi bəyan edir ki, ölkənin təqdim etdiyi “Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi” faylı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Noyabrın 26-da Parisdə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında “Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi” ərizəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə qərar qəbul edilib. 2013-cü ildə təqdim olunan ərizə konvensiyanın nəzərdə tutduğu prosedur mərhələlərindən keçib, müsbət ekspert rəyi alıb”, - deyə Ermənistan XİN-in mətbuat xidmətindən “İnterfaks”a məlumat verilib.
“Beləliklə, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısı daha bir - dördüncü erməni mədəni dəyəri ilə zənginləşib”, - deyə ölkənin diplomatik idarəsindən qeyd ediblər.
Ərizə Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət Nazirliyi və Ermənistanın UNESCO üzrə Milli Komissiyası tərəfindən hazırlanıb.
Bu arada bir gün öncə Bakıda bəyan ediblər ki, Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında lavaşın erməniləşdirilməsinə imkan verməyib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilib.
Lakin nazirlikdən iddia edirlər ki, iclasda yalnız bu kulinariya nümunəsinin Ermənistan ərazisində yayılmasına dair qərar qəbul edilib.
Nazirliyin məlumatına görə, Azərbaycan nümayəndələri gələn il iclasda lavaşın region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim edilməsinə dair təklif irəli sürüblər.