Azərbaycan prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən, ölkənin 52 rayonunda əlil və şəhid ailələri üçün fərdi evlər inşa edilir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri ilə görüşdə məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şəbəsindən verilən məlumata görə, dövlət başçısının qeyd olunan sərəncamına uyğun olaraq 52 rayonda 353 ədəd fərdi ev inşa edilir.
S.Müslümov bildirib ki, Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur.
Nazir, həmçinin qeyd edib ki, 2014-cü il yanvarın 1-dək növbədə olan 5731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.
Onun sözlərinə görə, yaxın vaxtlarda İmişli rayonunda 54 müharibə əlili və şəhid ailəsi üçün yeni yaşayış binası istifadəyə veriləcək.
R.Babayev