Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda təhsil sahəsində layihələri maliyyələşdirməyə hazırdır. Bu barədə Avropa İnvestisiya Bankının Şərq Qonşuluğu və Mərkəzi Asiya Departamentində sektor müdirinin müavini Yani Petikaynen cümə axşamı Bakı Beynəlxalq Sənaye Konfransında çıxışı zamanı bildirib.
“Biz bu sahədə yalnız infrastruktur layihələrini deyil, həm də insan kapitalının inkişafı üzrə layihələri maliyyələşdirə, həmçinin texniki yardım da təqdim edə bilərik”, - deyə Y.Petikaynen qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, EIB Azərbaycanla sənaye parklarında infrastrukturun inkişafı sahəsində əməkdaşlığa hazırdır.
“Biz özəl sektorla, xüsusilə kiçik və orta müəssisələrlə əməkdaşlıq etməyə hazırıq”, - deyə o əlavə edib.
Azərbaycan hökuməti və EIB arasında çərçivə sazişi 2014-cü il yanvarın 15-dən qüvvəyə minib. Cari ilin noyabr ayında Avropa İnvestisiya Bankı (EİB) “AccessBank”a Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üçün $25 mln. məbləğində kreditin verilməsinə dair saziş imzalayıb. Bu, bankın Azərbaycanda ilk layihəsidir.
A.Axundov