Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) milli etalonların sayını 30-dək artırmağı planlaşdırır. Komitənin məlumatında deyilir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ötən həftə Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransın 25-ci iclası çərçivəsində Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun direktoru Martin Miltonla görüşdə bəyan edib.
R.Həsənov məlumat verib ki, komitə dövlət etalon laboratoriyalarının yerləşəcəyi yeni binaların inşasını 2015-ci ilin ortalarına qədər yekunlaşdırmağı planlaşdırır.
M.Milton Azərbaycanın 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulması ilə bağlı məmnunluq hissi ifadə edib, respublikada metrologiya sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın dövlət etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası və tanınması istiqamətində müvafiq dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Bundan başqa, R.Həsənov Fransanın Milli Metrologiya və Sınaq Laboratoriyasında görüş keçirib. Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması və etalon laboratoriyaları arasında işçi əlaqələrin yaradılması məsələləri müzakirə olunub.
R.Həsənovun Milli Metrologiya İnstitutunun (PTB) prezidenti Yoaxim Ulrixlə görüşü zamanı 2014-2017-ci illər üzrə icrası nəzərdə tutulan “Cənubi Qafqaz ölkələrində ərzaq məhsullarının sınağı və metrologiya sahəsinin gücləndirilməsi” adlı yeni regional layihə çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.
N.Abbasova