Noyabrın 27-də “Nizami” Kino Mərkəzində Koreya Kino Festivalının açılış mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Festival SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.
SEBA-nın əsas məqsədi Azərbaycan və Koreya arasında mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşdırılmasıdır. 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası iki ölkə arasında bir çox humanitar və xeyriyyə layihələrinin müəllifidir.
Festivalın açılışında SEBA Assosiasiyası İctimai Birliyinin rəsmi üzvləri, Koreya səfirliyinin əməkdaşları və xarici qonaqlar iştirak edəcəklər.
Festivala təqdim olunan filmlərin nümayişi 3 gün davam edəcək.
A.Zeydullayeva