Gəncədə UNİCEF-in dəstəyi ilə “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində “Könüllülük – qərar qəbul etmədə gənclərin iştirakı” üzrə beynəlxalq konfrans təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gənclərin ictimaiyyətdə rolunun artırılması istiqamətində tədbirlər ölkənin demokratik yolla inkişaf etməsinin daha bir göstəricisidir. Biz də UNİCEF olaraq bu prosesə dəstək veririk. Regionlarda gənclərlə icra orqanları arasında əlaqələrin qurulmasına təcrübə və biliyimizlə yardım göstəririk”, – deyə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilokadze bildirib.
Layihədə təmsil olunan 14 şəhər və rayonun gənclərinin yerli icra orqanları ilə əməkdaşlığı əsas hədəf olaraq götürülüb.
“8 ölkədən olan gənclərdən ibarət münsiflər bu əməkdaşlığı əks etdirən və yerli gənclərin hazırladıqları ən yaxşı 3 qısametrajlı videotəqdimatı dəyərləndirib”, – deyə A.Şilokadze qeyd edib.
Konfransın Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı kimi beynəlxalq təbliğatına region gənclərinin də cəlb olunması baxımından əhəmiyyəti önə çəkilib.
F.Mehdiyev