Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan - magical land of fire”) adlı sərginin açılış mərasimi keçirilib. Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Praqadakı səfirliyinin dəstəyi ilə açılan sərginin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Milli Muzeyidir.
Açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını qeyd ediblər.
Sərginin açılış mərasimində Çexiyanın Xarici İşlər, Mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Sərgidə Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əskinasları və digər dəyərli əşyalar nümayiş etdirilir.
R.Babayev