Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlığa və 2015-ci il üçün tədbirlər planına dair saziş imzalanıb.
Sənəd cümə günü Bakıda “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfrans çərçivəsində imzalanıb.
“Bu gün Azərbaycanda milli ailə dəyərlərinin qorunub saxlanması çox mühüm məsələdir. Komitəmizin əsas məqsədlərindən biri məhz bundan ibarətdir”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb.
O qeyd edib ki, əməkdaşlığa dair sazişin imzalanması bununla əlaqədar mühüm rol oynayacaq.
“Dövlət Komitəsinin fəaliyyətinin məqsədi yalnız ailə deyil, həm də dini dəyərlərin qorunub saxlanılmasıdır və bununla əlaqədar qadının ailədə rolu xüsusi yer tutur”, - deyə M.Qurbanlı bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda bu istiqamətdə böyük işlər görülür, dini məbədlər yenidən qurulur, radikal cərəyanlarla mübarizə aparılır.
“Dilimiz, mədəniyyətimiz, ənənələr, ailə institutu kimi dəyərlər milli xüsusiyyətin qorunub saxlanılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir”, - deyə sədr qeyd edib.
“Bu gün keçirilən tədbirin mövzusu çox vacibdir, çünki hər zaman olduğu kimi, dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri ailə institutunun qorunub saxlanılmasıdır. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin sülh və razılıq şəraitində yaşadığı çoxmillətli dövlətdir. Və bununla əlaqədar ailə və dini dəyərlərin qorunub saxlanılması çox mühüm əhəmiyyət kəsb edir”, - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda hər il 80 mindən artıq nikah bağlanır. Və bu gün ölkədə 2 miyondan artıq ailə yaşayır, erkən nikahların statistikası azalıb.
“İlin əvvəlindən 1 milyondan artıq şəxs dispanserizasiyadan keçib”, - deyə o, ailə institutunun formalaşmasında reproduktiv sağlamlığın rolunu qeyd edərkən vurğulayıb.
H.Hüseynova bildirib ki, Azərbaycanda formalaşan ailə institutu digər ölkələr üçün nümumə ola bilər.
“Sağlam ailə - sağlam cəmiyyət, sağlam cəmiyyət isə - sağlam dünya deməkdir”, - deyə o qeyd edib.
“Dini, ailə və mədəni dəyərlərin qorunub saxlanılması daimi proses olmalıdır”, - deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova vurğulayıb.
Onun sözlərinə görə, bu gün qeyd olunan məsələ mühüm əhəmiyyət kəsb edir, çünki insanlar bəzi siyasi, sosial və iqtisadi amillərin təsiri altındadırlar.
“Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı düşmənlərimizi narahat edir”, - deyə B.Muradova qeyd edib.
Vitse-spiker vurğulayıb ki, təhsilli, ziyalı şəxs heç vaxt radikal, ekstremist hərəkatlara qoşulmaz.
A.Zeydullayeva