Hüquq mühafizə orqanları Qaraçuxur qəsəbəsində məscidin yandırılması faktını araşdırır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
“Biz bu məscidin axundu ilə əlaqə saxlamışıq, hazırda orada istintaq tədbirləri aparılır”,- deyə M.Qurbanlı cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, DQİDK sədr müavininin başçılıq etdiyi bir qrup komitə əməkdaşı və hüquq mühafizə orqanlarının nümayəndələri təcili hadisə yerinə gediblər və indi də oradadırlar.
M.Qurbanlı bildirib ki, komitə məscidi yandıranları kəskin şəkildə qınayır və hakimiyyət heç bir zaman ölkədə dini sabitliyin pozulması cəhdlərinə yol verməyəcək.
“Bu gün ölkədə sosial siyasi və dini sabitlik müşahidə olunur”, - deyə sədr cinayətkarların tezliklə tapılacağına əmin olduğunu vurğulayıb.
Baş Prokurorluğun məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Qaraçuxur qəsəbəsində məscidin yandırılması faktı ilə əlaqədar cinayət işi qaldırılıb.
A.Zeydullayeva