Ukrayna Xarici İşlər Nazirliyi ölkə jurnalistlərini Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinə girişlə bağlı ölkənin müəyyən etdiyi qaydalara hörmətlə yanaşmağa çağırıb. Bu barədə “Ukrinform” agentliyi məlumat verib.
Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynis bu ölkənin “1+1” kanalı tərəfindən “15 respublika” verilişinin Dağlıq Qarabağ ərazisində çəkilişləri ilə əlaqədar Azərbaycanın Kiyevdəki səfirliyindən XİN-ə daxil olan nota ilə bağlı faktı şərh edərkən bildirib ki, Ukrayna XİN-in saytında həmin regiona giriş qaydalarına dair məlumat yerləşdirilib.
“Saytımızda yer alan tövsiyələrdə aydın şəkildə yazılıb ki, qeyd olunan regionlara səfər zamanı Azərbaycanın müvafiq orqanlarının razılığı vacibdir. Və biz hər zaman bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq”, - deyə Y.Perebiynis vurğulayıb. O, Ukrayna telekanalının jurnalistləri tərəfindən Azərbaycan Respublikasının qaydalarının pozulması və Ukrayna XİN-in tövsiyələrinə məhəl qoyulmaması faktını təsdiq edib.
“Bu, özəl kanaldır. Əlbəttə, biz özəl kanallara hər hansı göstəriş verə bilmərik. Amma istənilən halda bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq. Mövqeyimizi kanalın rəhbərliyinə bir daha çatdıracağıq”, - deyə Y.Perebiynis bildirib.
Y.Əliyev