Avropa İttifaqı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç prezident İlham Əliyevlə görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, Azərbaycanla enerji sahəsində əməkdaşlığın önəmini qeyd edən M.Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən qərarın strateji əhəmiyyət daşıdığını deyib.
İ.Əliyev enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirib.
Azərbaycan ilə Avropa İttifaqı arasında artıq çərçivə Sazişinin və enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən prezident “Cənub” qaz dəhlizi ilə bağlı çoxlu işlər görüldüyünü vurğulayıb.
Bu layihəni əməkdaşlığın yeni formatı kimi dəyərləndirən İ.Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli əlaqələndirmənin olmasının vacibliyini qeyd edib.
R.Babayev