ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
F.İsazadə