Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Məşğulluq Agentliyinin (İŞKUR) mütəxəssisləri ilə birgə məşğulluq xidməti əməkdaşları üçün əmək bazarının öyrənilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, gənclər üçün məşğulluq xidmətləri üzrə ikigünlük təlim kursuna başlanılıb. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanla Türkiyə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq əlaqələrindən söz açıb. Nazir müavini bildirib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlıq həyata keçirilir.
Onun sözlərinə görə, hazırda təşkil olunan tədbir də İƏT ölkələrinin məşğulluq xidmətləri orqanları şəbəkəsinin (OİC PESNET) təşəbbüsü və dəstəyi ilə təşkil olunub. Həmin şəbəkə üzv ölkələr arasında məşğulluq xidmətləri arasında fəal təcrübə mübadilələrini dəstəkləyir.
Bu tədbirdə məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı sahəsində Türkiyənin təcrübəsi ilə tanış olmaq, eyni zamanda bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
R.Babayev