Prezident İlham Əliyev Türkiyənin 2015-ci ildə G20-yə sədrliyi münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev türkiyəli həmkarı ilə telefonla söhbət zamanı bunu Türkiyənin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Dövlət başçısı Azərbaycanı qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə R.T.Ərdoğana minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
O vurğulayıb ki, Bakının G20 qurumunun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha ölkələrin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.
Öz növbəsində R.T.Ərdoğan sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə edib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
R.Babayev