SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin yanvar-noyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 932,155 min ton neft yola salıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 41,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2014-cü ilin noyabr ayında SOCAR Novorossiysk limanından 84,802 min ton Azərbaycan nefti yola salıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft nəql etməyi planlaşdırır (il ərzində 1 mln. 20 min ton – İF-Az).
2014-cü il fevralın 18-də SOCAR və “Transneft” arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Müqavilə 2014-cü ilin sonuna qədər olan müddət üçün nəzərdə tutulub.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
N.Abbasova