Prezident İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub. Bu barədə “AzərTac” dövlət agentliyi məlumat verir.
Bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.
“Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers” (СЕО) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə start-up layihələrə xüsusi diqqət yetiriləcək və özəl stendlər ayrılıb.
“BakuTel-2014” çərçivəsində, həmçinin “Əşyaların interneti” mövzusunda konfrans və «e-Gov 3.0: innovasiyalara çağırış, müasir tendensiyalar və yeni imkanlar” adlı beynəlxalq forum keçiriləcək.
Sərgi dekabrın 5-dək davam edəcək.
R.Babayev, N.Abbasova