Bakı ABŞ-ı insan hüquqlarını Azərbaycana təzyiq aləti kimi istifadə cəhdlərində ittiham edir.
“ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin bəyanatında deyilir.
Diplomat qeyd edir ki, Azərbaycanda Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması təmin olunub. Bu səbəbdən kənar müdaxilə və “tövsiyələrə” ehtiyac yoxdur.
Bununla yanaşı, XİN nümayəndəsi ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlərin mövcudluğunu qeyd edir. “Ferqyuson və ABŞ-ın digər şəhərlərini bürüyən kütləvi etiraz aksiyalarının köklü səbəbləri və bu zaman müşahidə edilən zorakılıq bunu bir daha sübut edir”, - deyə H.Hacıyev vurğulayıb.
“Hesab edirik ki, ABŞ Dövlət departamentinin sözçüsü Azərbaycana münasibətdə qərəzli fikirlər yürütməzdən öncə bütün dünya ictimaiyyətinin hazırda ABŞ-da insan hüquqları sahəsində mövcud olan duruma münasibətdə artmaqda olan narahatlığına cavab verməlidir”, - deyə o əlavə edib.
XİN nümayəndəsinin sözlərinə görə, ABŞ beynəlxalq səviyyədə insan hüquqlarının “himayədarı” funksiyasında əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceyn Psaki bir gün əvvəl Azərbaycanda “Azadlıq” radisotansiyasının əməkdaşı Turxan Kərimovun saxlanması ilə əlaqədar narahatlıq ifadə edib.
“Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyduğu məhdudiyyətlərdən son dərəcə narahatıq. Azərbaycan hakimiyyəti açıq cəmiyyət üçün şərait yaradaraq, gələcək sabitlik və firavanlığı təmin edə bilər”, - deyə o bildirib.
F.İsazadə