“Baku Guide” bələdçi kataloqunun dekabr sayı çapdan çıxıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik Azərbaycanın turizm potensialının və tarixi, mədəni dəyərlərinin təbliği istiqamətində çoxlu sayda tədbirlər və layihələr həyata keçirir. Bununla əlaqədar olaraq Azərbaycan paytaxtının qonaqlarına şəhərin turizm imkanlarını, mədəni və tarixi abidələrini nümayiş etdirən “Baku Guide” layihəsi işlənib hazırlanıb. Bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, keçirilən tədbirlər, konsertlər, sərgi, festival və bayramlar, hotel və restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, çağrı mərkəzlərinin əlaqə nömrələri və s. öz əksini tapıb.
2015-ci ili Bakıda qarşılamaq, bayramı yaddaqalan etmək istəyən qonaqlar, eləcə də paytaxt sakinləri Yeni il münasibətilə təşkil olunacaq əyləncəli gecələr, bayram şənlikləri barədə ətraflı informasiya ala bilərlər.
17-22 dekabr tarixlərində Şəkidə 9-cu dəfə keçiriləcək Prezident Kuboku uğrunda çövkən milli oyunu da əcnəbi qonaqlar üçün zəngin təəssürat ola bilər. "Azərbaycan mətbəxi" rubrikasında oxucular daha bir ləzzətli təamımız - ləvənginin hazırlanma qaydası ilə tanış olacaqlar.
A.Zeydullayeva