Gəncə Avtomobil Zavodu (GAZ) Belarus Traktor və Minsk Avtomobil Zavodları ilə əməkdaşlıq çərçivəsində Qazaxstan və Türkmənistana məhsul ixracına başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gəncədə istehsal olunan maşınlar dekabrda 12 ədəd, fevralda 50-55 ədəd Türkmənistana göndəriləcək. İlk 15 traktor gələn ay Qazaxstana təhvil veriləcək” – deyə GAZ istehsalat birliyinin müşahidə şurasının sədri Xanlar Fətiyev zavodun fəaliyyət başlamasının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, 2004-cü ildən bu günədək GAZ-da 314 “OKA”, 243 UAZ avtomobili konveyerdən çıxıb, 7 modeldə 68 ədəd “Can Qan” ortatonnajlı yük avtomobilləri yığılıb.
5431-ə yaxın müxtəlif modifikasiyalı Belarus traktorlrından 4677-i dövlət sifarişi ilə “Aqrolizinq”ə, 754-ü isə sahibkarlara satılıb. 138 traktor qoşqusu və 3160 asva avadanlıq yığılıb. MAZ-ın şassisi üzərində 90 ədəd Haller məişət tullantılarını təmizləyəyən maşın istehsal olunub. 2212 müxtəlif markalı MAZ avtomobilləri yığılıb. 12 ədəd 25 tonluq avtikran və 30 ağır yük daşıyan qoşqu da GAZ-ın məhsuludur.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabrından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını təşkil edir.
F.Mehdiyev