Parlamentlərarası əlaqələrin möhkəmlənməsi Azərbaycan və Pakistan arasında artıq çox yüksək səviyyədə olan münasibətləri daha da gücləndirə bilər. Bu sözləri Pakistan prezidenti Məmnun Hüseyn söyləyib.
Pakistan KİV-lərinin xəbər verdiyi kimi, Pakistan prezidenti cümə axşamı Milli Məclisin deputatı Qənirə Paşayevanı qəbul edərkən bildirib ki, Dağlıq Qarabağ və Kəşmir problemlərinin həll olunmasında ümumi baxışlar iki ölkə arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir. M.Hüseyn Pakistandan Azərbaycana tekstil və əzcazçılıq məmulatlarının ixracı, eləcə də Azərbaycanın hərbi texnikasının müasirləşdirilməsində Pakistanın iştirakının genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Prezident Azərbaycanın Pakistanın enerji infrastrukturuna investisiya qoyacağına ümid etdiyini qeyd edib.
F.Hüseynzadə