23 dekabr - bələdiyyə seçkilərinin keçirildiyi gün qeyri-iş günü olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Seçki Komisiyasının mətbuat xidmətindən məlumat verilib.
Əmək Məcəlləsinin 105-1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir”.
Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək. Seçkilərin nəticələrinə görə 118 seçki dairəsində 1607 bələdiyyəyə 15 min 35 üzv seçiləcək.
MSK bələdiyyə seçkilərində iştirak etmək üçün 36 min 770 nəfərin namizədliyini qeydiyyata alıb.
Bələdiyyə seçkiləri üçün 4 mln. 976 min 302 bülleten çap olunacaq.
R.Babayev