Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində "Bank Respublika” ilə əməkdaşlığa başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Bank Respublika” mərkəzin əməkdaşlıq qurduğu beşinci bankdır. Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində artıq "Bank of Baku", "Unibank" və "AccessBank” və “Muğanbank”la əməkdaşlıq qurub.
Mərkəzlə “Bank Respublika” arasında müvafiq müqavilə imzalanıb.
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədilə yaradılıb. Vətəndaşlar bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanı əldə edəcək.
Bu xidmət vətəndaşlara 7 dövlət qurumundan elektron qaydada arayış almağa imkan verir. Gələcəkdə vətəndaşa aid fərdi məlumat üzrə elektron arayışlar verən dövlət qurumlarının sayının artırılması planlaşdırılır.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb. Bankın səhmdarları Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üzvü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT”dir. Bankın kapitalında onların payı 25% təşkil edir.
A.Əzizov