Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda “Azərbaycan rəssamlarının fotoportretləri” sərgisi açılıb . Bu barədə Bakı Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Fotoportretlərin müəllifi Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlidir.
Tədbirdə xalq rəssamları Arif Hüseynov, Fuad Salayev, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Yazıçılar İttifaqının sədr müavini Nazim İbrahimov, Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev və başqaları çıxış ediblər.
Tədbir iştirakçıları gələcəkdə fotoportretlərin hamısının daxil olduğu bir kitabın nəşrinə ümid etdiklərini bildiriblər.
Müəllif sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Rəssamlar İttifaqına minnətdarlığını bildirib və qeyd edib ki, ekspozisiyada aprel-noyabr aylarında çəkilmiş 55 fotoportret sərgilənib.
Sərgi 10 gün davam edəcək və başa çatdıqdan sonra hər bir rəssama öz portreti təqdim ediləcək.
Tədbirdə həmçinin Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin “Boyalı gülüşlər” adlı kitabının satış-təqdimatı keçirilib.
A.Zeydullayeva