Abşeron rayonu Ceyranbatan qəsəbəsinin sakinləri paytaxt ilə Sumqayıt şəhəri arasında avtomobil yolunu bağlamağa cəhd edirlər. Bu barədə ANS telekanalı məlumat verir.
Qəsəbə sakinləri hərəkətlərini həmin yolda ölümlə nəticələnən qəzalarla izah edirlər.
Xüssusilə, qeyd olunur ki, “Yaşıl dərə” və Ceyranbatan bağları adlanan ərazidə tez-tez piyada vurulmaları olur..
“Dünən də 21 yaşlı gənci maşın vurub öldürüb. Səbəbi isə həmin ərazidə piyda keçidinin olmamasıdır. Camaat yığılıb, istəyirlər ki, avtomobil yolunu bağlasınlar. Bəlkə bizim dədimizə əlac tapan oldu”, - deyə etirazçılar bəyan edirlər.
Öz növbəsində, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev etirazın əsassız olduğunu bildirir. Onun sözlərinə görə, Ceyranbatan qəsəbəsinə gedən ərazidə piyada keçidi var.
“Həmin yolda sürət 120 km.dir. Yollarda dəmir arakəsmələr var. Bu səbəbdən də, həmin ərazidə piyadalar üçün yol qoyulmaq təhlükəlidir. Orada yaşayanlar qəsəbənin içərisilə gedib-gəlməlidir. İndi kimsə yolunu tezləşdirmək istəyirsə, bu onların problemidir”, - deyə K.Əliyev bəyan edib.
Bakı-Sumqayıt yolu Bakı-Rostov avtomobil yolunun bir hissəsidir.
F.İsazadə