Azərbaycan ərazisinin 20%-nin işğal altında olması bütün respublika ərazisində bələdiyyə seçkilərinin keçirilməsinə ciddi maneədir.Bunu MSK sədrinin müavini Natiq Məmmədov söyləyib.
“Azərbaycan azad və demokratik bələdiyyə seçkilərinin keçirilməsinə hazırdır” ,-deyə o Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda İcra Hakimiyyəti başçıları və Dairə Seçki komissiyalarının sədrləri üçün keçirilən informasiya sessiyasında bildirib.
“Azərbaycan açıq, azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır”,- deyə N.Məmmədov vurğulayıb.
Öz növbəsində Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç Azərbaycanın demokratik seçkilərin keçirilməsinə hazır olduğunu söyləyib.
“Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq göstərir ki, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün lazımi tədbirlər görülür.Son illər Azərbaycanda bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur”,- deyə D.Filipoviç qeyd edib.
Seçki hüququqnun Avropa prinsipləri barədə danışarkən, o dövlət orqanlarının seçki prosesinə müdaxiləsinin yolverilməz olduğunu bildirib.
“Bir çox ölkələrdə biz səsvermə posesinə müdaxilə faktları görürük. Seçki administrasiyası seçkilərin keçirilməsi zamanı tam neytrallığa əməl etməlidir”,- deyə D.Filipoviç qeyd edib.
O söyləyib ki, Azərbaycan və Avropa Şurasının 2014-2016-cı illər üçün birgə fəaliyyət planı Azərbaycanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə töhfə verəcək.
Tədbirdə həmçinin Avropa Şurasının Bakı ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov da çıxış edib.
Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək. Seçkilərin nəticələrinə görə 118 seçki dairəsində 1607 bələdiyyəyə 15 min 35 üzv seçiləcək.
MSK bələdiyyə seçkilərində iştirak etmək üçün 36 min 770 nəfərin namizədliyini qeydiyyata alıb.
R.Babayev