Bakı sakinlərinin tam əksəriyyəti əmindir ki, Azərbaycanın milli ordusu zərurət yaransaa Qarabağ problemini hərbi yolla həll etməyə qadirdir. Bunu «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri də təsdiqləyir.
Sorğunun nəticələrinə görə, paytaxt əhalisinin 92,8%-i Silahlı Qüvvələrimizlə bağlı «qürur» və «hörmət» hissləri keçirir (2011-ci ilin yayında bu göstərici 91% idi).
İctimai rəy sorğusu həmçinin göstərib ki, ordunun cəmiyyətdə nüfuzu yüksəkdir. Hər halda, «Ailə üzvlərinizdən birini orduya çağırsaydılar, onun xidmətə yollanmasına üstünlük verərdiniz, yoxsa əsgərlikdən yayınmasına çalışardınız?» sualına cavab verərkən, 86,5% respondent birinci cavab variantını, yəni hərbi xidmətə yollanmasını seçib. Rəyi soruşulanların yalnız 7,2%-i ailə üzvünü əsgərlikdən yayındırmağa cəhd edərdi. Daha 6,3% isə sualı cavablandırmaqda çətinlik çəkib.
(2011-ci ilin yayında keçirilmiş sorğu zamanı bu cavabların nisbəti 84:8:8 olmuşdu).
Sorğu bu yaxınlarda Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində baş vermiş insidentə də ictimai marağın yüksək olduğunu müəyyən edib. Rəyi soruşulanların demək olar ki, hamısı (98%) cəbhədə mövqelərimizə hücum etməyə cəhd göstərmiş erməni vertolyotunun vurulmasından xəbərdardırlar. Təbii ki, paytaxt sakinləri hərbçilərimizin bu addımını çox müsbət qarşılayıblar: 98% buna müsbət yanaşdığını, cəmi 2% isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Qarabağ probleminin həlli yollarına gəldikdə isə, respondentlərin 65%-i danışıqlara, 35%-i isə hərbi yola üstünlük verdiyini vurğulayıb. Hərçənd, son illər bu suala cavabların nisbəti demək olar ki, dəyişməz qalır (2011-ci ildə 63% danışıqları, 33% isə müharibə variantını seçmişdi).
Azərbaycan Hərbi Qüvvələrinin döyüş qüvvəsinin qiymətləndirilməsi ilə bağlı suala respondentlərin 63%-i əminliklə cavab verib ki, ordumuz Qarabağı sülh yolu ilə azad etməyə qadirdir (2011-ci ildə bu göstərici 58% idi).22% üç il əvvəl olduğu kimi “yəqin ki, həll edə bilər” cavabı verib.
Başqa sözlə, ictimai fikir sülhpərvər əhvalda olsa da, işğalçıya qarşı rəhmli görsənmir. Bakı əhalisi öz ordusu ilə qürur duyur və şübhə etmir ki, zərurət yaranarsa, Silahlı Qüvvələrimiz Qarabağ problemini hərbi yolla həll edəcək.
Omnibus tipli ictimai rəy sorğusu «Rəy» Monitorinq Mərkəzi tərəfindən Bakı şəhərində 30 noyabr - 2 dekabr tarixlərində keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1300-ə yaxın respondent cəlb edilib. Nisbi xəta 3,4%-dir.
F.Hüseynzadə