Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin yanvar-noyabr aylarında səhmdar cəmiyyətlərinə 432,5 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,7 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
Bu ilin yanvar-noyabr aylarında QKDK-ya 475 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 295 şikayət daxil olub. Onların sayı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 4%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 6% artıb.
Şikayətlər araşdırıldıqdan sonra QKDK 353 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 432,5 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2013-cü ilin yanvar-noyabr aylarında isə 158,8 min manat məbləğində 532 cərimə tətbiq edilib.
Bundan başqa, 2014-cü ilin yanvar-noyabr aylarında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 86 göstəriş (azalma 17%) verib.
A.Axundov