Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkəyə 19 kq-dan çox narkotik maddənin gətirilməsinin qarşısını alıb.Bu barədə MTN-nin İctimai Əlaqələr Mərkəzi məlumat verir.
MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.
Məlumata görə, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan – 2 kiloqram 700 qram heroin, 15 kiloqram 891 qram tiryək, 700 qrama yaxın həşiş qətranı aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılanlar təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
F.İsazadə