Nazirlər Kabineti Cənubi Qafqaz Boru Kəməri magistralının genişlənməsi layihəsinin reallaşması çərçivəsində torpaqların alışı üzrə səlahiyyətləri yerli İcra Hakimiyyəti orqanlarının üzərinə qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Cənubi Qafqaz Boru Kəməri magistralının genişlənməsi layihəsinin reallaşması ilə əlaqədar yerli İcra Hakimiyyəti orqanlarına bələdiyyənin mülkiyyətində olan torpaqların sonradan dövlətin mülkiyyətinə verilməsi məqsədilə alqı-satqısı və ya icarəsi ilə bağlı müqavilələrin bağlanması səlahiyyəti verilir.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
N.Abbasov