"SOCAR Energy Ukraine" MMC (Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR-ın törəmə müəssisəsi) Ukraynada yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Odessada, şəhərin sənaye rayonunda, “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Ümumi sahəsi 123,5 kv. metr olan məntəqədə eyni zamanda 6 avtomobilin yanacaqla təchiz edilməsinə imkan verən 3 ikitərəfli paylayıcı qurğu fəaliyyət göstərir”, - deyə məlumatda qeyd olunur.
YDM-də Polşa, Litva və Belarusun emal zavodlarında istehsal olunmuş, Avro-5 standartlarına uyğun A-92, A-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı reallaşdırılır.
Yeni YDM nəzərə alınmaqla, hazırda Ukraynada SOCAR brendi ilə 43, o cümlədən Odessada 11 YDM fəaliyyət göstərir
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.
SOCAR 2009-2013-cü illərdə Ukraynada biznesin inkişafına $160 mln.-dan artıq sərmayə yatırıb.
N.Abbasova