Türkiyə Ermənistanı qonşu ölkələrin sərhədlərinə hörmətlə yanaşmağa və regiona daxil olan dövlətlər arasında öz yerini tapmağa çağırır. Bu barədə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində keçirilən üçtərəfli iclası zamanı bəyan edib.Bu barədə Türkiyənin “Anadolu” informasiya agentliyi məlumat verir.
“Biz Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Arzu edirik ki, Ermənistan qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşsın və bizim aramızda olsun. Beləliklə, çatışmayan bənd öz yerini tapacaq”, - deyə M.Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Ermənistan “mövcud problemlərə görə regional mexanizmlərdən kənarda qalıb”.
O həmçinin qeyd edib ki, üç ölkənin XİN başçıları keçirilən görüşlər və danışıqlar zamanı regional və beynəlxalq inkişafa qiymət veriblər.
“Biz regional və beynəlxalq inkişafı qiymətləndirdik. Bizim fikirlərimiz üst-üstə düşür. Regional münaqişələrin sülh yolu ilə ölkələrin ərazi bütövlüyü əsasında nizamlanmasının əhəmiyyətini vurğulayırıq”, - deyə M.Çavuşoğlu qeyd edib.
F.İsazadə