Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə Ermənistanda girov saxlanılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müraciət ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Müraciətində Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa və Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərməyə çağırıb.
N.Muiznieksin diqqətinə çatdırılıb ki, azərbaycanlıların təmas xəttinin keçmələrinin əsl səbəbi qeyd edilir, o cümlədən Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində bağlı “məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.
Müraciətdə Ermənistan tərəfindən Azərbaycanın 20% torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılır.
D.Əsgərov və Ş.Quliyev bu ilin iyul ayının əvvəlində qohumlarının qəbirlərini ziyarət erdərkən işğal edilmiş Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Əsir düşmüş üçüncü Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
F.İsazadə