Azərbaycan ilə Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Serbiya Respublikasının parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən prezident İlham Əliyev Azərbaycanın da Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.
Xanım Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirdi. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib.
Parlament sədri ölkəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.
O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
F.İsazadə