Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Mədəniyyət günlərinin tarixi: Rusiya-Azərbaycan” gənclər layihəsinə start verilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Layihədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Layihənin iştirakçıları il ərzində iki ölkənin mədəni əməkdaşlığının maraqlı formasının tarixini öyrənəcək, mədəniyyət günlərində, konsert, diskusiya və sərgilərdə iştirak etmiş Azərbaycan və Rusiyanın yaradıcı ziyalıları ilə görüşəcəklər.
Tematik görüşün qonaqlarını “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin şöbə müdiri Nəzrin Adıgözəlzadə,Kulturalogiya kafedrasının müdiri Sədaqət Əliyeva salamlayıblar.
Universitetin tələbələri Ülviyyə Hüseynova, Günel Əliyeva bu mövzuda apardıqları ilk araşdırma və tədqiqatların nəticələri barədə danışıblar.
Unuversitetin tələbələri Rafael Əliyev, Nərmin Qasımnlı, Zülfi Əsədzadə, İlahə Salmanzadə, Nicat Mahiroğlu, Bəhruz Kərimli və Fidan Xəlilovanın ifasında Azərbaycan və rus klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
“Bu gün biz Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri ilə gözəl bir səyahətə yola çıxdıq.Biz Azərbaycan- Rusiya festivallarının tarixini və coğrafiyasını birlikdə öyrənmək, bu festivallarda iştirak etmiş şəxslərlə görüşmək niyyətindəyiok.Onların o günlər barədə xatirələri bu gün özünü vətənin mədəniyyətinə və yaradıcılığa həsr etmiş gənclərimiz üçün çox vacibdir”,- deyə V.Denisov tədbirin sonunda çıxışı zamanı qeyd edib.
A.Zeydullayeva