Bakı Türkiyə-Rusiya yaxınlaşmasında maraqlıdır. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov cümə günü jurnalistlərə bəyan edib.
“Biz Türkiyə və Rusiya arasında münasibətləri yüksək səviyyədə qurmağa çalışırıq. Türkiyə ilə Rusiya arasında son dövrlərdə münasibətlərin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur və biz bunu alqışlayırıq”, - deyə X.Xələfov bildirib. Bu barədə ANS telekanalı məlumat verir. Rusiya və Türkiyə regionun nüfuzlu dövlətləri olduğunu qeyd edərək, nazir müavini onlarla yüksək səviyyədə münasibətlərin qurulmasının vacibliyini vurğuladı.
“Türkiyənin inkişaf etməsi Azərbaycanın marağına uyğundur. Biz bunu alqışlayırıq. Region dövlətləri arasında münasibətlərin inkişafı əlaqələrin genişlənməsinə, bölgənin təhlükəsizlik və sabitliyin qorunmasına xidmət edir”, - deyə nazir müavini qeyd edib. Onun fikrincə, bu, ilk növbədə münaqişələrin həllinə müsbət təsir göstərəcək.
“Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçidir, Türkiyə Ermənistanla da qonşudur, bu o deməkdir ki, iki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər. Biz də bunu gözləyirik”, - deyə X.Xələfov bəyan edib. Onun fikrincə, regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağındadır.
Y.Əliyev